Magazine >> Armed Forces >> Poliqon


Yaponiya hipersəs raketlərin qarşısını almaq üçün HHM sistemlərini təkmilləşdirir


Link [2022-11-08 18:32:39]



Yaponiya hipersəs silahlarının qarşısını almaq üçün hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərini təkmilləşdirir.

“Poliqon” xəbər verir ki, bu barədə “Kyodo News” nəşri özünün məsələ ilə tanış mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hipersəs silahlar Çin və Rusiyada hazırlanır və bu, Yaponiya üçün potensial təhlükə ola bilər.

Buna görə də Yaponiya hökuməti 2029-cu maliyyə ilinə qədər Type-03 orta mənzilli zenit-raket kompleksi (ZRK Chu-SAM və ya SAM-4 “Surface-to-Air Missile”) üçün təkmilləşdirilmiş idarə olunan zenit raketlərinin kütləvi istehsalına başlamaq istəyir. Kompleksin proqram təminatını isə 2026-cı ilə qədər yeniləməyi planlaşdırır.

Təkmilləşdirmə zamanı Type-03 ZRK-nin hipersəs silahlarının uçuş yolunu radarların köməyi ilə aşkar etmək və müəyyən etmək qabiliyyətinin yüksəldilməsi nəzərdə tutulur. Bununla belə, təkmilləşdirilmiş raketlərin hipersəs silahlarına qarşı dayanıqlı olmağa imkan verib-verməyəcəyi məlum deyil. Nəşrin mənbəsi qeyd edir ki, bütün bunlarla yanaşı onun yaradılması texnologiyaları inkişaf etməyə davam edir.

Yaponiyanın “Mitsubishi Electric Corporation” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilən Type-03 orta mənzilli özüyeriyən zenit-raket kompleksi (Chu-SAM) 2005-ci ildə Özünümüdafiə Qüvvələrinin silahlanmasına daxil olub və o vaxtdan bəri bir neçə təkmilləşdirmə proqramından keçib. ZRK istənilən hava şəraitində 50 km-ə qədər məsafədə və 10 km-ə qədər hündürlükdə uçan qanadlı raketlər və operativ-taktiki ballistik raketlər də daxil olmaqla geniş spektrli hava hədəflərini vurmaq üçün təyin edilib.

Chu-SAM ZRK-nin elementləri – buraxma qurğuları (BQ), nəqletmə-doldurma maşınları (NDM), çoxfunksiyalı radiolokasiya stansiyası (RLS) və idarəetmə məntəqəsi (İM) 8×8 təkər formuluna malik yüksək keçidlikli avtomobillərin şassisinə quraşdırılıb. Aktiv fazalı şəbəkə antenaları olan çoxfunksiyalı RLS 100-ə qədər hava hədəfinin axtarışını və eyni vaxtda izlənilməsini təmin edir, eləcə də onlardan 12-sinin atəşə tutulmasına imkan verir.

Aktiv radiolokasiya özütuşlama başlığı ilə təchiz edilmiş bərk yanacaqlı zenit raketləri olan altı daşıma-boşaltma konteynerindən ibarət paket buraxma qurğusuna yerləşdirilib. Raketlər şaquli vəziyyətdən buraxılır. Raket, özütuşlama başlığı ilə hədəfi tutana qədər inersial sistemlə idarə olunur. Raketin uzunluğu 4900 mm, gövdəsinin diametri 320 mm-dir. Raketin start kütləsi 570 kq, döyüş başlığının kütləsi 73 kq təşkil edir. Uçuş sürəti 2,5 Mach-dır.

Əhəd Əzizov

Poliqon.az

The post Yaponiya hipersəs raketlərin qarşısını almaq üçün HHM sistemlərini təkmilləşdirir appeared first on Poliqon.az.



Most Read

2024-09-19 18:43:23