1992-ci ilin dekabr ayının 16-da ilk sayı işıq üzü görən “Əsgər” qəzetinin yaradılmasından 30 il ötür.
“Poliqon” bu münasibət ilə “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun yazdığı “30 yaşı tamam olan “Əsgər” ölkəmizin ilk hərbi qəzetlərindən biridir” adlı məqaləni olduğu kimi təqdim edir.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat orqanı olan “Əsgər” qəzeti respublikamızın ilk hərbi qəzetlərindən biridir. 1992-ci ilin dekabr ayının 16-da qəzetin ilk sayı işıq üzü görüb. Bu il “Əsgər” qəzetinin yaradılmasından 30 il ötür.
“Əsgər” qəzeti Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı Daxili Qoşunların erməni işğalçıları ilə vuruşan şəxsi heyətinin döyüş ruhunun yüksəldilməsində, hərbi qulluqçularımızın Vətən yolunda fədakarlıqlarının təbliğ olunmasında vacib rol oynayıb.
Təbliğat, maarifləndirmə missiyasını uğurla yerinə yetirməklə yanaşı, qəzet daim şəxsi heyət üçün etibarlı informasiya mənbəyi olub.
Daxili Qoşunların formalaşma tarixi, döyüş salnaməsi, şəhid və qazi hərbi qulluqçularımızın qəhrəmanlıq nümunələri, şəxsi heyətin ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xüsusi əməliyyatlarda iştirakı, ölkəmizin müxtəlif bölgələrində dislokasiya olunmuş hərbi hissələrimizin həyatı “Əsgər” qəzetinin səhifələrində öz əksini tapıb. Qəzetdə Daxili Qoşunlarda keçirilmiş mühüm mərasimlər, aparılmış quruculuq işləri, beynəlxalq hərbi əməkdaşlıq əlaqələrimiz, şəxsi heyətin xidməti vəzifələrin yerinə yetirilməsində, habelə döyüş təlimi və idman sahəsində uğurları da dolğun işıqlandırılıb.
Bir sözlə, qəzetin səhifələrində gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi mövzusu daim xüsusi yer tutur. Gənclərin dövlətçilik təfəkkürünün formalaşmasına, onların hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasına qəzetdə dərc edilən materiallar öz müsbət təsirini göstərir.
“Əsgər” qəzetinin redaksiyasında ölkəmizin ilk hərbi jurnalistləri formalaşıb. Hərbi jurnalistikamızın inkişafına qəzet öz layiqli töhfəsini verib.
Redaksiyanın mövcud arxivi Daxili Qoşunların tarixi haqqında qiymətli mənbədir. Gələcəkdə tarixçilər, tədqiqatçılar, araşdırmaçı-jurnalistlər bu mənbəyə dəfələrlə istinad edəcəklər.
Məlumat üçün qeyd edək ki, “Əsgər” qəzeti Daxili İşlər Nazirliyinin Mətbəəsində ayda iki dəfə olmaqla yüksək poliqrafik standartlara uyğun, ümumi tirajı üç min nüsxədə çap olunur.
Bundan əlavə, 2014-cü ilin may ayından etibarən fəaliyyət göstərən Daxili Qoşunların rəsmi internet səhifəsinə “Əsgər” qəzetinin saylarının elektron variantı da yerləşdirilir. Bu, qəzet üçün daha geniş oxucu kütləsinə çıxış imkanı əldə etmək deməkdir. Həmçinin qəzetin elektron arxivinin yaradılması da əhəmiyyətli addımdır.
Mətbuat xidmətinin və onun tərkib hissəsi olan “Əsgər” qəzetinin redaksiyasının səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı tərəfindən lazımi şərait yaradılıb. Müasir kompyuterlər, fotoaparatlar, digər texniki vasitələr redaksiyanın sərəncamına verilib.
“Əsgər” hərbi-vətənpərvərlik qəzeti ilə tanışlığım 2005-ci ilin oktyabr ayından başlayıb. İlk dəfə qələmimi sınadığım “Əsgər” qəzeti mənim üçün, bir növ, jurnalistlik məktəbi olub. Bu gün respublikamızda yayımlanan, əsl vətəndaşlıq və vətənpərvərlik ruhu aşılayan 138 kütləvi informasiya vasitəsində – 76 qəzet, 9 jurnal və 53 saytda vaxtilə işıq üzü görən hər bir məqaləmə görə mən “Əsgər”ə minnətdaram.
Azərbaycan əsgərini hər zaman vətənpərvərliyə səsləyən, eləcə də Daxili Qoşunların tarixini yazan bir qəzetin redaktoru olmağımla yalnız fəxr edirəm.
Qəzetin 30 illiyini qeyd edən redaksiyamıza bundan sonrakı fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayıram.
Poliqon.az
The post “Əsgər” qəzetinin yaradılmasından 30 il ötür appeared first on Poliqon.az.
2024-10-11 23:40:55