Magazine >> Armed Forces >> Poliqon


Norveç əlavə dörd K9 “Thunder” ÖAQ alır


Link [2022-11-09 11:46:42]



Norveç Silahlı Qüvvələri artilleriya bölmələrinin imkanlarını və ölkənin müdafiə qabiliyyətini artırmaq üçün Cənubi Koreyadan əlavə artilleriya sistemləri alır.

“Poliqon” xəbər verir ki, bu barədə “Hanwha Aerospace” şirkəti məlumat yayıb.

Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti noyabrın 7-də Norveç Müdafiə Materialları Agentliyi (Norwegian Defence Materiel Agency – NDMA) ilə əlavə dörd ədəd 155 mm-lik K9 “Thunder” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) və səkkiz ədəd K10 nəqletmə-doldurma maşınının (NDM) tədarükü barədə müqavilə imzalayıb.

Bu sifariş “Hanwha Aerospace” və NDMA arasında 2017-ci ilin dekabrında 24 ədəd K9 “Thunder” və 6 ədəd K10 NDM tədarükü üçün imzalanmış əsas müqaviləyə əlavədir. Əlavənin imzalanmasından sonra Norveçdə Cənubi Koreya sistemlərinin sayı müvafiq olaraq 28 ədəd K9 “Thunder” ÖAQ-a və 14 ədəd K10 NDM-ə yüksələcək. Sifariş olunan texnikaların təhvil verilməsi yaxın 2 il ərzində başa çatdırılacaq.

Qeyd edək ki, K9 “Thunder” ÖAQ-ın Norveç versiyası VIDAR (Verrsatile InDirect Artilleriya system-in abbreviaturası) adını, həmçinin milli ODIN atəşə idarəetmə sistemi (ODIN Fire Support System) və radio rabitəsini alıb.

Xatırladaq ki, K9 “Thunder” müasir 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. O, Cənubi Koreyada istehsal olunur və bu özüyeriyən silahları alan və ya lisenziya əsasında istehsal edən bir sıra ölkələrin ordularında silahlanmadadır.

K9 “Thunder” ÖAQ-ın atəş məsafəsi təxminən 40 km, döyüş maşınının maksimal hərəkət sürəti 67 km/saatdır. Döyüş maşınının heyəti 5 nəfərdən ibarətdir. Ərazidə açılma müddəti 30 saniyə təşkil edir.

Qeyd etmək yerinə düşər ki, bu yaxınlarda K9 “Thunder” və K10 2022-ci ilin sentyabrında ABŞ ordusu tərəfindən Arizonadakı Yuma poliqonunda sınaqdan keçirilib və bu sınaqlarda onların ABŞ-ın müxtəlif artilleriya sursatları ilə uyğunluğu təsdiqlənib.

K9A1 ÖAQ və K10 NDM ABŞ-ın 155 mm-lik M795, XM1113 Rocket Assisted Projectiles (RAP) və Modular Artillery Charge System (MACS) mərmi və atımlarının istifadəsi ilə sınaqdan keçirilib.

Sınaqların son mərhələsində K9A1 ÖAQ 50 km-dən çox məsafəyə çatan XM1113 RAP sursatı ilə atış aparıb. Beləliklə, ABŞ Ordusu ilk olaraq XM1113-ü xarici artilleriya silahları ilə sınaqdan keçirib.

Poliqon.az

The post Norveç əlavə dörd K9 “Thunder” ÖAQ alır appeared first on Poliqon.az.



Most Read

2024-09-19 18:44:10