Magazine >> Armed Forces >> Poliqon


GƏLƏCƏYİN SİLAHI – LAZER: fantastik düşüncənin real məhsulu


Link [2022-12-14 20:40:50]



İstənilən döyüş lazerinin əsas xüsusiyyəti ondan ibarətdir ki, hədəfə zaman vahidi ərzində hər hansı mərmi və ya raketdən müqayisəsiz dərəcədə az enerji ilə təsir edir. Digər tərəfdən isə, lazer texniki cəhətdən topdan və buraxma qurğusundan daha mürəkkəbdir və daha bahadır. Bu səbəbdən də Soyuq müharibə dövründə lazer silahları öz real istifadəsini tapmamışdır. Bu gün dünyanın ondan çox aparıcı ölkəsi lazer silahlarına sahibdir. Lakin, prestijli olduğu qədər effektli deyil. Ancaq onun kütləvi istifadəsinin zaman məsələsi olduğunu, sözün əsl mənasında isə, bir neçə on il olduğunu düşünməliyik.

“Lazer” sözü “məcburi şüalanma ilə işığın gücləndirilməsi” mənasını verir. Lazerin fiziki mahiyyəti məcburi şüalanmanın kvant mexaniki effektindən istifadə etməklə kogerent işıq axınının alınmasından ibarətdir.

Lazer silahı hərbi sahədə məhvetmə vasitəsi və ya elementi kimi lazer şüasından istifadə edən bir silah nümunəsidir. Lazer silahının ilk nümunələri müxtəlif ölkələrdə 1960-1970-ci illərdə yaradılmışdır. Əsasən lazer silahlarında, lazer hədəfgöstəricilərdə, lazer nişangahlarda, snayperləri aşkaretmə sistemlərində, snayperlərə maneəyaratma sistemlərində, düşməni çaşdırma komplekslərində, lazer məsafəölçənlərdə və lazer tuşlama sistemlərində geniş şəkildə tətbiq edilir.

Lazer silahının növləri bunlardır: birbaşa məhv etmək üçün təyin edilmiş lazer silahları; koredici lazer silahları; digər təsirli lazer silahları.

Hədəflərin birbaşa məhv edilməsi üçün nəzərdə tutulmuş lazer silahlarının müasir inkişafının əsas istiqaməti böyük ölçülü yerüstü, dəniz və hava platformalı mobil və stasionar sistemlərin yaradılmasıdır.

Mövcud tələblərə əsasən, daha sadə yol, əsas məqsədi düşmənin canlı qüvvəsinin gözlərinə, həmçinin silah və döyüş texnikalarının optik tuşlama və ya tanıma sistemlərinə koredici təsir göstərən, eyni zamanda bunun üçün daha az enerji tələb edən lazer silahını yaratmaqdır. Lazer silahların düşmənin canlı qüvvəsinə koredici təsiri istiqamətləndirilmiş qırmızı və ya yaşıl rəngli lazer şüası sayəsində əldə edilir ki, bu da, müvəqqəti korluğa və psixoloji təsirə səbəb olaraq, insanın koordinasiyalı (şüurlu) hərəkətlər edə bilməməsinə gətirib çıxarır. Beləliklə düşmənin güc və vasitələriin döyüş effektivliyi azaldılır və onun irəliləməsinə mane olur. Bir xəttdə yerləşdirilən və ərazi üzərində tarama edən parlaq lazer işığı, işıq pərdəsinin təsirini yaratmaqla, düşmən snayperlərinə nişangah atəşi aparmağa və bəzi hallarda isə optik cihazlar vasitəsilə vizual müşahidə aparmağa mane olur.

Akustik lazer topu

Hədəfləri real məhv və ya kor etmək üçün nəzərdə tutulmuş növlərlə yanaşı, öldürücü olmayan təsirli, eləcə də uzaqdan mina təmizlənməsi üçün təyin edilmiş lazer sistemləri yaradılır.

Yaxın gələcəkdə yaradılacaq portativ lazerlər, uzaq məsafələrə dar istiqamətli şüa göndərmək hesabına kəşfiyyat əməliyyatlarında xəbərdarlıq və fəlakət siqnallarını vermə, həmçinin məlumat mübadiləsi vasitəsi olaraq istifadə edilə bilər.

Hərbi işdə tətbiqi zamanı, lazer silahlarının ənənəvi silahlara nisbətən bir neçə əsas üstünlüyü mövcuddur:

–          lazer şüaları işıq sürəti ilə hərəkət edir, buna görə hədəfin hərəkət sürətini nəzərə almağa və 300 min km-dən az məsafədə atəş açan zaman qabaqlama tətbiq etməyə ehtiyac yoxdur. Nəticə olaraq, əksər hallarda lazerlə “vurulmaqdan” qaçmaq mümkün deyil. Quru və hava döyüşü şəraitində lazer şüalanmasından qaçmaq ümumiyyətlə mümkün deyil;

–          lazer şüasına planetin cazibə qüvvəsi təsir göstərmir (məsələn, Yerin) (kosmik fəzadakı qara dəliklərin və digər çox böyük cisimlərin yaxınlığında lazer şüasının trayektoriyası əyilir, lakin orada döyüşlərin aparılması ehtimalı həddən artıq azdır);

–          lazer, aktiv sahədəki fokus konfiqurasiyasını dəyişə bilər, kinetik (məsələn, odlu silah) silahın dağıdıcı elementinin ölçüləri ilə müqayisədə daha kiçik və ya daha böyük ola bilər;

–          lazerin “döyüş dəsti” yalnız qida mənbəyinin həcmindən asılıdır;

–          işığın praktiki olaraq sıfır “enerji impulsu” olduğundan (daha dəqiq desək, fotonun öz impulsunun enerjisinə nisbəti bərabərdir), lazerdə hiss olunan geri təpmə olmur;

–          lazer silahlarının istifadə diapazonu ənənəvi (kinetik, ballistik və reaktiv) silahların tətbiq diapazonundan böyükdür, lakin atmosfer şəraitindən və enerji mənbəyinin gücündən çox asılıdır.

Hal-hazırda elmi təcrübələrdə tətbiqi və döyüş istifadəsindən ötrü lazer silahlarının istehsalı üçün yeni layihələndirmələr yerinə yetirilir.

Rusiya Federasiyası

Lazer silahlı “Rat” pilotsuz uçuş aparatları ilə mübarizə kompleksi

Keçmiş SSRİ-də xüsusi silah avtonom kompleksi 1K11 “Stilet-1” və onun təkmilləşdirilmiş variantı “Sanqvin” adlı özüyeriyən koredici komplekslərin sınaq nümunələri yaradılmışdır. Lakin, müəyyən texniki səbəblərdən komplekslər özünün inkişafını tapmamışdır. 1992-ci ildə Rusiyada “Astrofizika” Elmi-İstehsalat Birliyinin layihələndirdiyi 1K147 “Sjatiye” özüyeriyən lazer kompleksi sınaqlara cəlb edilmişdir. Lakin, o dövrdə mövcud olan çoxsaylı maliyyə və texniki problemlər səbəbindən silahlanmaya qəbul edilməmişdir.

2000-ci illərin ortalarından başlayaraq, Rusiyada Quru Qoşunları üçün nəzərdə tutulmuş lazer kompleksləri ilə yanaşı, həm Hərbi Dəniz Qüvvələrinin gəmiləri, həm də Hərbi Hava Qüvvələrinin təyyarələri üçün lazer kompleksləri yaradılmışdır. Bu məqsədlə, 2010-cu ildən etibarən hələ keçmiş SSRİ dövründən qalma “Sokol-Eşelon” layihəsi yeni mərhələyə çıxarılmış və A-60 uçan laboratoriyası təkmilləşdirilmişdir.

2016-cı ildə isə “Astrofizika” EİB tərəfindən 1K17 “Sjatiye” və 1K11 “Stilet” özüyeriyən lazer komplekslərinin əsasında “Mobil lazer kompleksi” (MLK) yaradılmışdır. MLK təyyarələrin, helikopterlərin, raket və bombaların özütuşlama başlıqlarını bir neçə on kilometrlik məsafədə kor edə bilir. Tankların, zirehli maşınların optik-elektron sistemlərinin (OES), hətta tank əleyhinə raket komplekslərinin nişangahlarının öhdəsindən gələ bilir. MLK döyüş maşınlarına və zirehli maşınlara asanlıqla quraşdırılır.

Rusiya Silahlı Qüvvələrinin Strateji Təyinatlı Raket Qoşunlarının raket divizionlarında döyüş növbətçiliyindəki digər lazer silahı isə 2019-cu ildə silahlanmaya qəbul edilmiş “Peresvet” lazer kompleksidir. “Peresvet”, Rusiyanın qitələrarası raketləri, raket hücumları haqqında erkən xəbərdarlıq kosmik aparatları və raket əleyhinə müdafiə vasitələri barədə məlumat toplayan düşmən peyklərinin lazer işıqlandırılması üçün təyin edilib. Kor edilmiş optik və elektro-optik cihazlar hədəfləri müəyyən etmək qabiliyyətini müvəqqəti itirir. “Peresvet”, yalnız ideal şəraitdə – duman, qum fırtınaları və yağıntılar olmadıqda pilotsuz uçuş aparatlarına (PUA) da qarşı təsirli şəkildə işləyə bilir. Kompleks gəmi və təyyarələrin optik müşahidə sistemlərinə qarşı dura, artilleriya və raket hava hücumundan müdafiə sistemlərini isə əvəz edə bilir. Bu lazer döyüş sistemləri hədəfin özünü yandırmır, ancaq onun tuşlama vasitələrini kor edir.

“Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqi tərəfindən yeni “Rat” pilotsuz uçuş aparatları ilə mübarizə kompleksi yaradılmışdır. Çoxfunksiyalı mobil kompleks, pilotsuz uçuş aparatlarının aşkarlanması və təsnifatı, onların radioelektron avadanlıqlarının mikrodalğalı (çox yüksək tezlikli) şüalanma ilə susdurulması və lazer məhvetmə vasitələri ilə fiziki məhv edilməsi üçün təyin edilmişdir. Mikrodalğalı şüalanma 2,5 km radiuslu kürədə PUA-nın elektronikasını təsirli şəkildə susdura bilir.

Amerika Birləşmiş Ştatları

CLWS kompakt lazer silahı sistemi PUA-lara qarşı nəzərdə tutulub

ABŞ-ın “Boeing” şirkəti “Milli raket əleyhinə müdafiə” sisteminin yaradılması çərçivəsində “Boeing YAL-1” təyyarəsində quraşdırılmış və raketlərin tutulması üçün təyin edilmiş aviasiya bazalanmalı kimyəvi lazer silahı hazırlamışdır. Habelə, 2013-2014-cü illər ərzində “Boeing” şirkəti 10 kVt gücə sahib HEL MD yüksək enerjili mobil lazer nümunəsini hazırlamışdır. Sınaqlarda nümunə artilleriya mərmilərinə və PUA-lara qarşı tətbiq edilmişdir. Şirkətin daha bir məhsulu isə 2015-ci ildə yaratdığı gücü 2 kVt olan CLWS kompakt lazer silahı sistemidir. Sistem PUA-lara qarşı nəzərdə tutulmuşdur. Lazer silah sistemi həm texnika üzərində, həm də stasionar olaraq quraşdırıla bilir.

“Nautilus” THEL sisteminin şüalandırıcısı

Bundan başqa, ABŞ-ın “Northrop Grumman” şirkəti 90-cı illərinin sonunda “Nautilus” raket əleyhinə kimyəvi lazer silahı hazırlamışdır. 2008-ci ildə isə “Northrop Grumman” tərəfindən sistemin təkmilləşdirilmiş “Skyguard” variantı istehsal edilmişdir. Müasir silah bazarında “Skyguard” sistemi İsrailin “Dəmir Qübbə” (“Iron Dome”) sistemi ilə rəqabət aparmaq imkanına sahibdir. Dəniz döyüş lazerindən başqa “Northrop Grumman” şirkəti bir çox yerüstü bazalanmalı bərk cisimli qurğuları layihələndirmişdir. 2019-cu ildə şirkət tərəfindən PUA-larının və kiçik gəmilərin məhv edilməsi üçün təyin edilmiş 150 kVt gücə sahib lazer silahının yaradılması barədə məlumatlar yayılmışdır.

“Lockheed Martin” şirkəti 2012-ci ildə ABŞ Hava Hücumundan Müdafiə Qoşunları üçün ADAM yerüstü kompakt bölgə raket əleyhinə lazer silah sisteminin ilk nümunəsini təqdim etmişdir. Sistem 2012-2013-cü illərdə 1,5-2 km məsafədə kiçik ölçülü PUA və raketlərə qarşı, 2014-cü ildə isə mühərrikli qayıqlara qarşı sınaqlardan uğurla keçirilmişdir. 2017-ci ildə şirkət 60 kVt gücə sahib yeni döyüş lazerini sınaqdan çıxarmışdır. Sınaqlar zamanı lazerin ölçülmüş gücü 58 kVt təşkil etmişdir və sınaqların müsbət nəticəsinə əsasən döyüş lazeri ABŞ Ordusunun silahlanmasına qəbul edilmişdir. Şirkət mütəxəssislərinin bildirməsinə görə, yeni döyüş lazerində tətbiq edilmiş texnologiya bərk cisimli lazerlərə nisbətən enerji sərfiyyatına orta hesabla 50% qənaət edir.

ABŞ Müdafiə Nazirliyinin DARPA Agentliyi 2014-cü ilin əvvəlində “Excalibur” lazer silah qurğusunu sınaqdan keçirmişdir. Bura 7 kilometri aşan məsafədə şüa cəmləşdirə bilən sistemə birləşdirilmiş 28 lif lazer daxildir. Hər bir element 10 kVt gücünə malikdir. Yaxın gələcəkdə qurğunun gücünün 100 kVt-a çatdırılması planlaşdırılır. Bu güc isə öz növbəsində raketlərin, mərmilərin, PUA və canlı qüvvənin məhv edilməsi üçün kifayət edir. Bundan başqa, bu sistemi mövcud olan platformalarla: helikopterlərlə, təyyarələrlə, gəmilərlə, zirehli texnika ilə uzlaşdırmaq mümkün olacaqdır. Layihələndiricilər, fiber-optik lazerin mövcud nümunə bərk cisim lazer sistemindən 10 dəfə daha yüngül və kompakt olacağını ehtimal edirlər.

Müxtəlif səviyyəli raketlərə qarşı HELLADS lazer müdafiə sistemi

Hazırda “General Atomics Aeronautical Systems” şirkəti DARPA-nın sifarişi əsasında, təyyarələr üçün HELLADS yüksək enerjili maye lazerli bölgə müdafiə sisteminə əsaslanan müxtəlif səviyyəli raketlərə qarşı lazer müdafiə sisteminin layihələndirilməsi üzərində işləyir.

“Raytheon” şirkəti ABŞ Müdafiə Nazirliyinin sifarişi əsasında “AH-64 Apache” helikopterləri üçün döyüş lazeri yaratmışdır. Lazerin keçirilmiş sınaqları zamanı müsbət nəticələr əldə edilmişdir.

ABŞ-ın ən məşhur koredici lazer silahı olaraq Müdafiə Nazirliyinin layihələndirdiyi PHASR durdurucu və qıcıqlandırıcı təsir göstərən fərdi lazer tüfəngi hesab edilir. Lazer tüfəngi düşmənin müvəqqəti kor edilməsi üçün təyin edilmişdir.

Ordu və polis qüvvələrinin tələbatını ödəmək üçün “LE Systems Pty Ltd” şirkəti CHPLD kompakt yüksək güclü lazer işıqlandırıcı sistemini yaratmışdır. Cihazdan istənilən hava şəraitində və sutkanın istənilən vaxtında istifadə edilə bilir, universaldır və suya davamlıdır. Maksimal effektiv məsafəsi parlaq günəş işığında 200 metr, gecə 2 kilometr təşkil edir.

Çin Xalq Respublikası

“Low Altitude Guard II” lazer silahı

DPSCAS Çin Elmlər Akademiyasının Fizika elmləri bölməsinin iştirakı ilə PUA məhv etməyə qadir 10 kVt gücə sahib lazer silahı yaradılmışdır. Sonradan “China Poly Technologies Inc” şirkətinin PUA qarşı mübarizə aparmaqdan ötrü aşağı hündürlüklərin mühafizəsi üçün nəzərdə tutulmuş 30 kVt gücə sahib stasionar və mobil variantda “Low Altitude Guard II”, həmçinin 50-70 kVt gücə sahib “Silent Hunter” lazer silahları yaradılmışdır. “Low Altitude Guard II” lazer silahı 4 km məsafədə kiçik PUA-ları məhv edə bilir. “Silent Hunter” lazer silahı isə 800 metr məsafədə 5 ədəd 2 mm qalınlığındakı polad lövhəni və ya 1000 metr məsafədə 5 mm qalınlığındakı polad lövhəni deşə bilir.

LW-30 lazer kompleksi

CASIC korporasiyası HHM qoşunları üçün yaxın fəaliyyət məsafəli LW-30 lazer kompleksini yaratmışdır. İstehsalçının sözlərinə görə 30 kVt gücə sahib döyüş lazeri PUA, aviasiya bombalarını, minaatan sursatını və digər analoji obyektləri 25 km məsafədə məhv etmək imkanına malikdir.

2018-ci ildə Çinin XIOPMCAS İnstitutu tərəfindən ZKMZ-500 lazer həmlə tüfəngi yaradılmışdır. Tüfəng öldürücü olmayan silah kimi təsnifləndirilir, lakin həm yandırıcı silah kimi, həm də düşmənin canlı qüvvəsinə bədən xəsarəti yetirmək üçün istifadə oluna bilir.

“Norinco” şirkəti tərəfindən istehsal edilən portativ lazer koredici ZM-87 silahı neodim lazerə sahib elektro-optik qurğudur. ZM-87 ilk növbədə insanları kor etmək məqsədi daşıyır, lakin, eyni zamanda lazer məsafəölçənlərdə, videokameralarda və raket axtarıcılarda yerləşən fotoelektrik elementlərinə zərərvermə imkanına malikdir. ZM-87 silahı 15 mVt-lıq çıxış gücünə, 2-3 km-lik maksimal (kor etmə) məsafəyə sahibdir.

Bundan başqa, Çin müdafiə sənayesi müəssisələri tərəfindən BBQ-905, WJG-2002, PY131A, PY132A tipli koredici lazer silahları hazırlanmışdır. Quru Qoşunlarının silahlanmasında olan Type 99 tankı JD-3 aktiv əks-təsir lazer kompleksi ilə təchiz edilmişdir. JD-3 gözləri kor edən lazer silahıdır.

Böyük Britaniya

“Dragonfire” lazer sistemi

Böyük Britaniya Müdafiə Nazirliyinin LDEW istiqamətlənmiş lazer enerji silahı layihəsi çərçivəsində, 2016-cı ildə “Dragonfire” lazer sisteminin yerüstü variantı hazırlanmış və 8×8 təkər formullu yük avtomobilinin şassisində yerləşdirilmişdir. Sistem 50 kVt gücə malikdir və kiçik hədəfləri – raketləri və minaatan sursatını məhv etmək üçün nəzərdə tutulmuşdur. Lazer suüstü və qurudakı hədəfləri vurmağa qadirdir və silahların hazırlanmasında mühəndislərinin iştirak etdiyi ABŞ gəmilərinə də quraşdırılması mümkün olacaqdır.

Bundan başqa, 2011-ci ildə “BAE Systems” şirkəti tərəfindən dənizçiləri quldurlardan qorumaq üçün öldürücü olmayan lazer silahının nümunəsi yaradılmışdır. Bu qurğudakı lazer şüası düşməni kor etmək üçün istifadə olunur. Şübhəli gəmini aşkar edən gəmi heyəti 1,2-1,5 km məsafədə ona lazeri yönəldir.

Silahlı qüvvələrin silahlanması üçün “Thales” şirkəti “Picatinny rail” tipli tamasada quraşdırılma imkanlı müxtəlif variant GLOW yaşıl işıq optik xəbərdarlıq sistemi yaratmışdır. GLOW, sülhməramlı qüvvələrə yaxınlaşan personalın şübhə altına alındığını və daha da yaxınlaşmamaları lazım olduğunu xəbərdar etmək üçün sıx bir yaşıl işıq istifadə edən silah üzərində quraşdırılmış lazer xəbərdaredicisidir.

Fransa Respublikası

ADVANSEA döyüş gəmisi

Fransanın “Naval Group” gəmiqayırma şirkəti 2025-ci ilə qədər lazer və elektromaqnit silahlı tam elektrikləşdirilmiş döyüş suüstü gəminin yaradılması üçün ADVANSEA proqramının üzərində işləyir. Layihələndirlən gəminin silahlanması dəyişən intensivlikli impuls lazer qurğuları və mərmilərin elektromaqnit impulsları ilə sürətləndiriləcək elektromaqnit silahlarıdır. Mütəxəssislər gəmini 20 MVt gücündə bir elektrik stansiyası ilə təchiz etməyi planlaşdırırlar.

Avropanın MBDA şirkətinin Fransa bölməsi hazırda PUA məhv edilməsi üçün 40 kVt gücündə lazer sistemi daxil olmaqla müxtəlif növ döyüş lazerləri yaratmışdır. Eyni zamanda Fransa yeni “kosmik müdafiə” strategiyasına uyğun olaraq, kosmik qoşunları yaratmağı və “lazer və lazer-pulemyot silahları olan peyklər”, həmçinin “patrulluq edən nanopeykli buludlar”ı inkişaf etdirməyi planlaşdırıb. Bu silahlar Frananın peyklərini Rusiya və Çin kosmik gəmilərindən qorumaq üçün kosmosda yerləşdiriləcəkdir. Proqram 2025-ci ilə qədər hesablanıb. Bundan başqa, Fransanın “Nexter” və “Cilas” şirkətləri yerüstü lazer silahlarının yaradılması istiqamətində çalışırlar.

“Rheinmetall Group” şirkətinin “Rheinmetall Defence” bölməsi PUA tutulması üçün təyin edilmiş və zirehli transportyor bazasında quraşdırılmış lazer sistemi hazırlamışdır. 2013-cü ildə sistemin üç müxtəlif şassidə “Rheinmetall High-energy laser effectors HEL” modul nümunələri nümayiş etdirilmişdir.

Almaniya Federativ Respublikası

“Rheinmetall Group” şirkətinin “Rheinmetall Defence” bölməsi PUA tutulması üçün təyin edilmiş və zirehli transportyor bazasında quraşdırılmış lazer sistemini ilk dəfə 2011-ci ildə nümayiş etdirmişdir. 2013-cü ildə isə sistemin üç müxtəlif şassidə “Rheinmetall High-energy laser effectors HEL” modul nümunələri nümayiş etdirilmişdir: M113 zirehli transportyorunun şassisində 1 kVt gücə sahib “Mobile HEL Effector Track V”, “GTK Boxer” zirehli transportyorunun şassisində 5 və 10 kVt gücə sahib “Mobile HEL Effector Wheel XX” və 8×8 təkər formullu “Tatra” avtomobilinin şassisində 20 kVt gücə sabib “Mobile HEL Effector Container L”.

“Mobil HEL Effector Wheel XX”, “Mobile HEL Effector Track V” və “Mobile HEL Effector Container L”

Avropanın “MBDA” şirkətinin Almaniya bölməsi olan “MBDA Deutschland GmbH” 2006-cı ildən etibarən döyüş lazerlərinin yaradılması istiqamətində layihələndirmə işləri yerinə yetirir. Bu işlərin nəticəsi olaraq şirkət PUA-nı 500 metr məsafədə 3,39 saniyə ərzində məhv edən, 20 kVt gücə sahib lazer silahını hazırlamışdır. Sınaqlar zamanı müvafiq lazer silahı PUA və minaatan sursatlarını effektiv şəkildə məhv etmişdir. Cihaz bütün növ platformalarda – yerüstü, hava və dəniz platformalarında quraşdırılmaq üçün uyğundur. Onu elementləri modulluq və miqyaslılıq prinsiplərinə uyğun olaraq hazırlanır. Məmulatın əsas üstünlüklərindən biri də son dərəcə dəqiq mexaniki tuşlama funksiyasıdır. Nişanalma cihazı demək olar ki, bütün istiqamətlərə dönə bilir. Lazer silahı təyyarələri, gəmiləri və ya şəxsi heyəti və onların infrastrukturunu müxtəlif düşmən təhdidlərindən qorumaq üçün istifadə edilə bilər.

Türkiyə Respublikası                    

Türkiyədə ordunun və donanmanın silahlandırılması üçün bir neçə layihə əsasında lazer silah sistemləri yaradılmışdır. Yüksək Güclü Lazer Sistemi (YGLS) layihəsində birdən çox təşkilat iştirak edir və sonda yüksək güclü lazer sisteminin milli səviyyədə inkişaf etdirilməsi hədəflənir. İnkişaf etdirilmiş sistemin əsas məqsədi 20 kVt gücə sahib lazerlə saniyədə 20 metr sürətlə 500 metr məsafədə hərəkət edən minaatan sursatının 10 saniyə ərzində məhv edilməsidir.

“Aselsan YGLS” lazer silah sistemi

ASELSAN, TÜBİTAK və Bilkent Universiteti ilə əməkdaşlıqda inkişaf etdirilən YGLS ilk milli lazer silah sistemidir. ASELSAN şirkətinin 20 kVt elektrik enerjisi ötürmək üçün istehsal etdiyi yönəldilmiş enerji silah sistemi ilk növbədə gəmilərdə quraşdırılacaqdır.

ASELSAN hibrid sistemi, 20 kVt-lıq lazer silahı və adi aşağı hündürlüklü hava hücumundan müdafiə silahının birlikdə işlədiyi bir konstruksiyaya malikdir. Hibrid silah sistemi yüngül, modul və stabilləşmiş qülləli raket sisteminə qarşı və qəfildən daha qısa məsafədə görünən təhdidlərə qarşı təsirli olacaqdır. Lazer silah sistemi hava platformalarına, pilotsuz uçuş aparatlarına, qanadlı raketlərə və minaatan sursatlarına qarşı aşağı hündürlükdə hava hücumundan müdafiəni təmin etmək üçün hazırlanmışdır. Lazer silahının əsas məqsədi silahda tətbiq edilməli vacib və kritik komponentlərin milli səviyyədə inkişaf etdirməkdir. Layihə çərçivəsində lazer mənbəyi tamamilə daxili imkanlardan istifadə edilərək yaradılacaqdır.

Lazer sistemi qısa və uzun məsafələrdə iki ayrı funksiyanı yerinə yetirəcək. Uzaq məsafədə lazer silahı hava təhdidinə yönəldiləcək ki, bu da cilovlayıcı rolunu oynayacaq və hədəfi öz vəzifəsini yerinə yetirə bilməyəcək vəziyyətə gətirəcəkdir. Yaxın məsafədə isə, lazer silahının təsiri və işıq sürətli müdaxilə ilə hədəf məhv ediləcəkdir. Lazer silahının ən vacib xüsusiyyətlərindən biri isə fasiləsiz və ucuz bir müdaxiləni təmin etməsidir.

“Aselsan LSS” lazer silah sistemi

Lazer Müdafiə Sistemi (LMS/ LSS) layihəsi çərçivəsində ASELSAN şirkəti şübhəli obyektlərin və əldə düzəltmə partlayıcı maddələrin, yaşayış yerlərində istifadə olunan brezent və digər örtüklər kimi müvəqqəti maneələrin aşkarlanması və məhv edilməsi üzərində işlərini davam etdirir. Mobil platformalar üçün işlənib hazırlanmış lazer müdafiə sistemi lazer mənbəyi və hədəf izləmə sistemi və şüa fokuslama bölməsi daxil olmaqla iki hissədən ibarətdir. İki versiyası 1,25 kVt və 2,5 kVt olan LSS lazer silahı gecə-gündüz istifadə edilə bilməklə kütləvi istehsal mərhələsindədir. Layihənin növbəti hədəfi havadan gələcək helikopter və idarə olunan raket kimi təhdidlərin məhvidir.

2010-ci ildən başlayaraq, TÜBİTAK SAVTAG tərəfindən 1,25 kVt-dan 50 kVt-a qədər gücə malik lazer şüalandırıcıların sınaq nümunələrini hazırlamışdır. 2015-ci ildə lazer silahının yaradılması istiqamətində aparılmış işlər və nailiyyətlər Türkiyə müdafiə sənayesinin nəhəngi ASELSAN şirkətinə ötürülmüşdür. Burada ötürülmüş layihələr əsasında ordu və donanma üçün lazer döyüş silahlarının yaradılmasına başlanılmışdır. 2018-ci ilin iyun ayında lazer silahı ilə silahlandırılmış “Cobra” zirehli avtomobili nümayiş etdirilmişdir. Şirkətin paylaşdığı məlumatlarda bildirilir ki, LSS lazer silahı 500 metrə məsafəyə qədər mini və mikro PUA / İDA (insansız dəniz aparatı) təhdidlərinə, məskunlaşmış məhəllədə terror ünsürləri tərəfindən istifadə edilən kamuflajlara və 200 metrə və üzəri məsafədə yerləşən əldədüzəltmə partlayıcı qurğu (ƏPQ) və yol kənarındakı şübhəli paketlərə qarşı yaradılmış bir sistemdir.

Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilən LSS lazer müdafiə sisteminin istifadə sahələrini əsasən gəmi platformaları, enerji mərkəzləri, hava limanları, sərhəd postları, qərargah binaları və konvoy tranzit marşrutları əhatə edir. Sistemin tapşırıqlarına müəssisələrin qorunması, PUA / İDA müdafiəsi, ƏPQ və şübhəli paketlərin zərərsizləşdirilməsi daxildir. Əsas xüsusiyyətlərinə 1,25 kVt-lıq və 2,5 kVt-lıq yüksək çıxış güclü lazer mənbəyinin, atışın çox aşağı maliyyə dəyərinin, doldurma vaxtına ehtiyac olmadan davamlı atış imkanının, optik hədəf tutmasının, qabaqcıl hədəf izləmə sisteminin olması aiddir. Fokuslama məsafəsi 50 – 500 metr arasında dəyişir. Sistem lazer məsafəölçəni, rəqəmsal korrektə (spotter) kamerası, 2-4 dəfə elektron böyütməli termal və 12 dəfə elektron böyütməli gündüz kameraları ilə təchiz edilmişdir.

“BİLGEM” yüksək güclü lazer teleskopu

Bundan başqa, TÜBİTAK və ASELSAN-ın birgə əməkdaşlığı sayəsində hazırlanan yüksək güclü lazer teleskopu (YGLT) 20 kVt və daha yuxarı gücə sahib lazer şüasının hədəfə yönəldilməsini və eyni zamanda görüntü çəkməsini təmin edir. Yaxın illərdə silahlanmaya daxil edilməsi məqsəd qoyulan sistemin bəzi kritik hissələrini milliləşdirmək və inkişaf etdirmək səyləri davam etdirilir. Poliqon sınaqları keçirilmiş sistem 1,5 km məsafədən 3 mm qalınlığındakı polad lövhəni deşə və 5 kilometrə qədər məsafədə isə daha az gücə malik lazerlərlə PUA kameralarını sıradan çıxara bilir. YGLT istənilən quru/dəniz/hava platformasına quraşdırıla bilən milli döyüş lazer sistemidir.

TÜBİTAK BİLGEM tərəfindən yaradılan tüfəngə quraşdırılan lazer silah (TQLS/ TÜMOL) 7,62×51 mm-lik MPT-76 milli piyada tüfənginə inteqrasiya olunan portativ lazer sistemidir. TÜMOL hava şəraitindən asılı olaraq 1 km-ə qədər çəkindirici təsir göstərir. 100-150 metr məsafədə çox effektiv şəkildə polad lövhəni deşmək gücünə malikdir. Hələ də nümunə mərhələsində olan silahın atəş sınaqları sistemin işləmə və istifadə konsepsiyasının uğurlu sınaqları keçirilmişdir.

“Cobra” zirehli avtomobilinə quraşdırılan ARMOL lazer silah sistemi

TÜBİTAK BİLGEM tərəfindən yaradılan avtomobilə quraşdırılan lazer sistemi (AQLS/ ARMOL) 1,25 kVt gücündə və 5 kVt-a qədər miqyaslana bilən xüsusiyyətə malikdir. ARMOL layihəsi, rəsmi olaraq Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının inventarında olan “Otokar” şirkətinin “Cobra” zirehli avtomobilinin 28 İyul 2018 tarixində TÜBİTAK BİLGEM-ə çatdırılması ilə başlamışdır. “Cobra” zirehli avtomobilinə BİLGEM tərəfindən layihələnidirilən və inkişaf etdirilən milli lazer mənbəyi, hədəf izləmə sistemi, hədəfi izləmə proqram təminatı və komanda nəzarət kompüteri inteqrasiya edilmişdir. Zirehli avtomobilə inteqrasiya olunmuş ARMOL-un ilk versiyasının sınaq atışlarında 22 millimetr qalınlığında polad gəmi zirehli 500 metr məsafədən məhv edilmişdir. İkinci versiya izləmə qabiliyyəti, güc quruluşunun və optik-elektrik enerji quruluşunun yenilənməsi hesabına istehsal edilmişdir. ARMOL milli lazer silahı sınaqları müvəffəqiyyətlə tamamlayaraq Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilmişdir. Təxminən 400 kiloqram ağırlığında olan ARMOL-un yaxın gələcəkdə aviasiya vasitələrinə inteqrasiya edilməsi də planlaşdırılır.

“Cobra II” zirehli avtomobilinə quraşdırılan LaGKÖS lazer atıcı silah avtomobilin özünü və ya konvoyu qorumaq üçün təyin edilib

Habelə, Türkiyənin SAVER şirkəti tərəfindən “LaADRONS” PUA əleyhinə lazer sistemi, “LaGKÖS” lazer koretmə (göz qamaşdırma və görüş önləmə) sistemi və “LaYÖS” döyüş sursatlarını lazerlə məhvetmə sistemi hazırlanmışdır.

“Meteksan Savunma” şirkəti “Nazar” lazer raketdən müdafiə sistemi hazırlamışdır. “Nazar” lazer sistemi, hədəfi istiqamətləndirilmiş lazer koretmə və funksional məhvetmə üsullarından istifadə edərək elektro-optik və infraqırmızı özütuşlama başlıqlı raketləri zərərsizləşdirir.

Raketdən müdafiə “Nazar” lazer sistemi

“Nazar” layihəsi, hərbi bazaları, qurğuları və Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətli platformalarını elektro-optik və infraqırmızı başlıqlı raketlərdən qorumaq məqsədini daşıyır.

“Roketsan” şirkəti isə hava hücumundan müdafiə sistemlərinin yaradılması proqramı çərçivəsində ALKA yönləndirilmiş enerji silah sistemini (YESS) işləyib hazırlamışdır. ALKA YESS yaşayış məntəqələrindəki bombalı tələlərin, yol kənarında yerləşdirilən xüsusi hazırlanmış əldə düzəltmə partlayıcı maddələrin məhv edilməsi, həmçinin müxtəlif faydalı yüklər (kamera, partlayıcı və s.) daşıya bilən, fərqli tuşlama həlli naviqasiya xüsusiyyətləri ilə təchiz edilmiş mini/mikro PUA və dron sürülərini təhlükəsiz məsafədə dayandıra bilmək və ya onları məhv etmək məqsədi ilə yaradılmışdır.

“Roketsan”ın ALKA yönləndirilmiş enerji silah sistemi

Sistemin xüsusiyyətlərinə radar tərəfindən aşkar olunan hədəfə avtomatik istiqamətlənmə, süni zəka ilə avtomatik hədəf tutma və təsvirdə izləmə (minimum yanlış siqnal/xəbərdaretmə qabiliyyəti) və radar olmadan tək Istifadə olunma imkanı daxildir. Elektromaqnit susdurma sisteminin təsir məsafəsi 4000 metr, məhv etdiyi hədəfin sürəti saatda 150 km, 1000 metr məsafədə hədəfi təqibetmə həssaslığı 8 mm, lazerlə effektiv məhvetmə məsafəsi 500 metr, elektromaqnit məhvetmə sistemi ilə effektiv məhvetmə məsafəsi isə 1000 metr təşkil edir. Sürü hücumlarında hədəf sayından asılı olmayaraq onların qarşısının alınması imkanına sahibdir. Sistem həm mobil, həm də stasionar variantda istifadə olunur. Sistemin modul tipli olması onu istənilən 4×4 təkər formullu zirehli maşına və ya gəmiyə inteqrasiya etməyə imkan verir. Stasionar variant isə müdafiə bölgəsindən asılı olaraq qüllə və ya kabina quruluşlu ola bilir.

İsrail Dövləti

“Keren Barzel” raket əleyhinə lazer sistemi

İsrailin “Rafael” şirkəti müxtəlif tipli lazer silah sistemləri işləyib hazırlamışdır. “Keren Barzel” yüksək enerjili lazer silah sistemi əsasən raket əleyhinədir. Sistem raketlər, minaatan sursatı və müxtəlif uçuş aparatları ilə 7 km-ə qədər məsafədə mübarizə apara bilir.

Digər bir sistem isə “Magen Gedeon” HHM və yaxın mənzilli raket əleyhinə müdafiə sistemidir. Raketlərdən, lazerdən və radioelektron mübarizə vasitələrindən istifadə etməklə qoşunları raket və minaatan hücumlarından, habelə hava hücumu silahlarından, əsasən multikopterlərdən və yüngül PUA-lardan qoruyur. Hələ yaradılmada olduğu üçün fotoşəkilləri yayımlanmamışdır. Sistemdə hansı lazer gücünün istifadə edildiyi də bildirilmir. Ehtimal ki, PUA və multikopterlərdən qorunmaq üçün, “Keren Barzel”ə nisbətən az gücə malikdir.

“Drone Dome” PUA əleyhinə lazer sistemi

“Rafael” şirkətinin yeni “Drone Dome” lazer sistemi sutkanın istənilən vaxtı və istənilən hava şəraitində 2 kq-dan 150 kq-a qədər kütləyə malik kiçik pilotsuz uçuş aparatlarının və kvadrokopterlərin neytrallaşdırılması üçün üçün təyin edilmişdir. Sistem 360 ° müşahidə bucağına malikdir. Onun tərkibinə elektro-optik və infraqırmızı sensorlar, həmçinin radiolokasiya stansiyası və radioelektron susdurma sistemi daxildir. Ümumiyyətlə, “Drone Dome” həm avtonom, həm də operator nəzarəti altında işləyə bilir. Sistemə quraşdırılmış lazerin gücü haqqında açıq mənbələrdə məlumat yoxdur. Kiçik hədəfləri 3,5 km məsafədə aşkarlaya bilir. Yeni sistemin sınaqları artıq baş tutmuş və uğurlu sayılmışdır.

Lehinə və əleyhinə

Ümumi nəzər yetirdikdə, döyüş lazerlərinin lazer silahı proqramlarının canlanmasına əsas təkan verən iki əsas amilini görmək mümkündür:

–  PUA və ya kiçik qayıq sürüsünə qarşı yaxın məsafələrdə təsirli şəkildə istifadə edilə bilən ucuz qiyməti;

–  nəzəri cəhətdən elektrik qida mənbəyinin gücündən asılı olaraq məhdud olmayan “atış” sayı.

Döyüş lazerləri, sürətlə inkişaf edən və daha ucuz kinetik müdafiə vasitələrinə uduzur. Digər tərəfdən, ölkələr aktiv olaraq lazer silahlarına qarşı müdafiəyə hazırlaşırlar. Lazer impulsunu əks etdirən və ya istini yayan, səthin məhvini yavaşlatan örtüklər hazırlanır və cavab zərbəsi ilə tuşlama sistemini sıradan çıxarmaqdan ötrü lazerə qarşı lazerlərdən istifadə variantları araşdırılır. Hətta lazer şüasının yolundakı atmosfer mühitini dəyişdirmək üçün variantlar təklif edilir və sadəcə düşmən lazerlərinə qarşı tüstü pərdələri qurmaq planlaşdırılır.

Bu gün lazer texnologiyalarının qarşısında hansı problemlər olursa olsun, dünyanın bütün texnoloji cəhətdən inkişaf etmiş ölkələri lazer silahları üzərində işləyirlər. ABŞ, Rusiya və Çindən əlavə İsrail, Almaniya və Türkiyə də döyüş lazerləri üzərində fəal işləyirlər. Digər ölkələr də bu sıraya qoşulmaqdan ötrü müəyyən cəhdlər edirlər.

Aparılmış təhlillərə əsaslanaraq qeyd etmək olar ki, önümüzdəki 10-15 il ərzində aparıcı hərbi güclər tərəfindən lazerin geniş mənimsənilərək silahlanmaya qəbul olunacağı tam bəlli olacaq.

Əhəd Əzizov

POLİQON JURNALI

The post GƏLƏCƏYİN SİLAHI – LAZER: fantastik düşüncənin real məhsulu appeared first on Poliqon.az.



Most Read

2024-07-27 03:01:14