Magazine >> Armed Forces >> Poliqon


“Barbaros” sahil mühafizə sistemi “Atmaca” və “Çakır” raketlərindən istifadə edəcək


Link [2022-12-12 15:10:40]



Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan “Barbaros” sahil mühafizə sistemi milli “Atmaca” və “Çakır” raketlərindən istifadə edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Roketsan” şirkətinin baş direktoru Murat İkinci “Anadolu Agentliyi”nə açıqlamasında deyib.

Murat İkinci bildirib ki, “Barbaros” xüsusilə dənizdəki təhlükələri aradan qaldırmağa qadir mobil batareyalardan ibarət sahil mühafizə sistemidir.

“Roketsan”ın baş direktoru sistemin ilk atışının bir neçə ay bundan əvvəl Türkiyənin Sinop bölgəsində həyata keçirildiyini də xatırladıb: “Orada “Atmaca” raketi ilə sahilə yerləşdirilmiş mobil batareya tərəfindən dənizdəki hədəfi nişan alıb atışımızı uğurla yerinə yetirdik”.

Murat İkinci vurğulayıb ki, “Barbaros” sahil mühafizə sistemi dənizdəki hədəflərə qarşı ADVENT SYS-dən (Savaş Yönetim Sistemi – Döyüş İdarəetmə Sistemi) istifadə edə, beş dəqiqədən də az müddət ərzində yerini dəyişdirə və radar sistemlərindən gələn məlumatları öz daxilində analiz edib hədəfi nişan ala bilir.

“Barbaros” sisteminin yaxın vaxtlarda Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına daxil ediləcəyi planlaşdırılır.

“Buradakı ən böyük üstünlük, bir mobil sahil mühafizə batareyası sisteminin həm komanda idarəetmə və buraxıcı qurğu bacarıqları, həm də hədəfi müəyyənləşdirmə və nişan alma imkanları ilə dənizdən gələn istənilən təhdidi və təhlükəni aradan qaldırmaq qabiliyyətinə malik olmasıdır. “Barbaros” sistemi həm “Atmaca”, həm də “Çakır” raketlərini bərabər istifadə edə biləcək. “Barbaros” hədəflərini böyüklüyünə və prioritetinə uyğun şəkildə nişan ala və dəyişdirə, hədəfləməni eyni vaxtda yerinə yetirən qabiliyyətləri birləşdirə, habelə aşkarladığı təhdidləri radar və şəbəkə üzərindən digər batareyalar ilə paylaşa biləcək. Mərkəzdən, sahil müşahidə və radar sistemlərindən gələn məlumatlarla hədəfləri görmədən nişan alıb atəş aça bilmək xüsusiyyətləri ilə ön plana çıxacaq”, – deyə Murat İkinci qeyd edib.

“Barbaros” sahil mühafizə sisteminin bir batareyasından 4 ədəd “Atmaca” və ya 6 ədəd “Çakır” raketi buraxıla biləcək. Beləliklə, hər hədəfə uyğun formada raketdən istifadə olunacaq ki, bu da həm maddi, həm də digər cəhətlərdən Türkiyə Silahlı Qüvvələrinə üstünlük verəcək.

Murat İkinci onu da əlavə edib ki, “Barbaros”a HAVELSAN tərəfindən hazırlanan ADVENT SYS döyüş idarəetmə sisteminin inteqrasiya olunması onun HDQ-nin istifadə etdiyi şəbəkəyə birbaşa uyğunlaşmasına və məlumat mübadiləsi apara bilməsinə şərait yaradacaq.

“Bu yaxınlarda icra olunan uğurlu atışımız onu deməyə əsas verir ki, “Barbaros” tədricən ona əlavə olunacaq imkanlarla inkişaf etdiriləcək sistem olacaq. Gələn il bu sistemi Hərbi Dəniz Qüvvələrinin əsas ehtiyaclarını ödəyəcək səviyyəyə çatdırmağı hədəfləyirik. Ondan sonra sistemin üzərinə bir çox sensor əlavə olunacaq və qabiliyyəti artırılacaq”, – deyə şirkətin baş direktoru vurğulayıb.

Poliqon.az

The post “Barbaros” sahil mühafizə sistemi “Atmaca” və “Çakır” raketlərindən istifadə edəcək appeared first on Poliqon.az.



Most Read

2024-02-27 14:16:02