Magazine >> Armed Forces >> Poliqon


Azərbaycan-Türkiyə birgə hərbi təliminin adı açıqlandı – “Qardaş yumruğu”


Link [2022-12-05 19:50:44]



Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi “Qardaş yumruğu” adı altında keçirilir.

“Poliqon”un məlumatına görə, bu, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən “Qardaş yumruğu” birgə təliminin mühüm əhəmiyyətə malik olduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, “Qardaş yumruğu” birgə təlimi Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilir.

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqlar da icra edilir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Poliqon.az

The post Azərbaycan-Türkiyə birgə hərbi təliminin adı açıqlandı – “Qardaş yumruğu” appeared first on Poliqon.az.



Most Read

2024-09-19 19:19:33